GÜLLÜ ELDAR TOMARLI
(Şeirlər)
SUMQAYIT - 2015
Sumqayıt, “Azəri” nəşriyyatı. 2015, 64 səhifə.
Redaktor: İbrahim İlyaslı
“Beləcə qal, nolar, könlüm” şairə Güllü Eldar Tomarlının
ilk şeirlər kitabıdır. Kitaba müəllifin ədəbi yaradıcılığa başladığı vaxtdan
bu yana qələmə aldığı şeirlərdən seçmələr daxil edilib. Duyğu və düşüncələrini
ənənəvi heca vəznində səmimiyyətlə qələmə almış Güllü xanımın şeirləri maraqlı
və poetik deyimləri ilə diqqəti cəlb edir.
“Azəri” nəşriyyatı, 2015
MÜƏLLİFDƏN
Dəyərli oxucu!
Bəlkə etirafa gərək yoxdu. Amma ürəyimdə qalmasın
deyə bəzi deyəcəklərimi sizlərlə paylaşmaq istəyirəm.
Uşaqlıgım və gəncliyim Gürcüstanın Rustavi şəhərində
keçib. Əslim, soyum, kökümsə Qazağın İncə dərəsi bölgəsindəndi. Bir az da o
yana İncə dərəsinin Kəmərli qolundan.
Hələ körpəliyimdən saz vurğunu olmuşam. Rustavidə
evimizdən həmişə saz səsi gələrdi. Rəhmətlik
atam Eldar Yunis oğlu özü də saza bağlı adamıydı. Aşıq Avdı Qaymaqlını, aşıq
Əmrahı, aşıq Kamandarı, aşıq Ədaləti, aşıq Cəlalı, Aşıq Şəmistanı, Aşıq Kərəmi
çox sevərdi və təbii ki, bizə də burdan pay düşürdü. Böyüdükcə şeir
vurğunu oldum. Hələ orta məktəb illərində oxuduğum və bəyəndiyim şeirlərin
hamısını əzbərləməyə çalışırdım. Aşıq Kamandarın ifasında dinlədiyim bir
şeir elə ordan da hafizəmə köçmüşdü. Xalq şairi Osman Sarıvəllinin həmin
şeirində bir bənd məni əfsunlamışdı:
Kim minir
Qazağın dilboz atını
Götürür
toyların şal xalatını.
Şeirin,
sənətin mükafatını
Hər
zaman, hər yerdə aldı bu yerlər.
Elə orta məktəbdə oxuduğum illərdən yavaş-yavaş
özümün də cızma qaralarım yazılmağa başladı. Heç zaman üzə çıxarmağa cəsarət
eləyə bilmədiyim bu yazıları heç kəsin görə bilmədiyi gizlinlərdə saxlayardım.
Gürcüstanda yazıb-yaradan şairləri daha çox tanımağa başladım. Dünyamalı
Kərəm, Alxan Binnətoğlu, Osman Əhmədoğlu, M.H.Bəxtiyarlı, Səadət Buta, Əli
Səngərli imzaları daha çox diqqətimi çəkirdi. Bu şairlərin qələmindən çıxan
yazıları sevə-sevə oxuyardım. Onların təsiriylə şeirlər yazardım. Osman Əhmədoğlunun
“Borçalı” şeirini uşaqlığımdan əzbərləmişdim, bu gün də yaddaşımda saxlayıram:
Qoy aləm
hüsnünə yetirsin nəzər,
Hər
sözün-söhbətin nəğməyə bənzər.
Sinəndə
ustadlar barmağı gəzər
Babamdan
yadigar sazım, Borçalı!
Qəzetlərə məqalələr də yazardım o zamanlar. Məqalələrim Tiflis
radiosunda səsləndirilər və “Sovet Gürcüstanı”, ”Sosialist Rustavi”si (gürcü
və rus dilində çap olunurdu), ”Samqori” qəzetlərində çap olunardı. Vaxtaşırı radio ilə çıxış da edərdim. Radio verlişlərində iştirakım zamanı qolumdan tutan, məni daha da həvəsləndirən ъурналист Emin Elsevəri, rəhmətlik Əlixan Düşgünü ömrüm boyu unutmayacam.
O anın qürurunu ömrüm boyu unuda bilmərəm. Bu istəklə də uzun müddət
Rustavi mətbəsində çalışdım...
Zaman-zaman mətbuatı izlədikcə böyük Vidadilər, Vaqiflər, Səməd
Vurğunlar yetirmiş ata-baba yurdum Qazax bölgəsindən çıxmış şairləri də
izləməyə və sevməyə başladım. Bütün ənənələriylə ayrıca bir aləm olan İncə
Dərəmizin yetişdirdiyi Aslan Kəmərli, Ələddin İncəli, Ağamalı Sadiq Əfəndi,
Akif Səməd, Məmməd İlqar, Rəfayıl İncəyurd, Fəridə Ləman, İbrahim İlyaslı kimi
tanınmış şairlərin şeirlərini heyranlıqla oxuyub, yaddaşıma həkk etdim. Və
əlbəttə ki, mənə ədəbiyyatı bunca sevdirən və mənim üçün örnək olan ədəbiyyat
müəllimim Mustafa müəllimin adını tutub, haqqını tanımağı da özümə borc
bilirəm.
Sonra isə yaş öz hökmünü verməyə başladı. Beş qızı olan ailənin daha
qayğılı günləri başladı. Və elə Rustavidə bir İncəli ilə ailə qurdum. Övladlar
dünyaya gəldi. Sonra isə nəvələr oldu. Dunyanın digər işlərinə də baş qarışdı...
Amma heç zaman gizlin-aşkar yazmaq həvəsindən düşmədim.
Yazmaqdan-oxumaqdan doymadım. Heç zaman mütaliədən ayrılmadım. Get-gedə Azərbaycan
ədəbiyyatının cox boyük simalarının həyatını öyrənməyə başladım. Yazdıqlarımı
ara-sıra çap elətdirdim. Gürcüstan və Azərbaycan mətbuatında bəzi
məqalələrim, şeirlərim çap olundu. Öz imzamı
gördüyüm hər
bir qəzet-jurnal nümunəsini əlimə aldıqca
həm utanmış, həm də sevinmişəm. Amma
zaman da öz sözünü deyir. Yaş gedir. Mən də bir iz qoyum deyə düşünməyə
başladım. Bununla belə, heç zaman nə yazdıqlarımı
kitab şəklində çap etdirməyi
düşünmüş, nə
də özümə “şairlər cərgəsində yer”
axtarmamışam. Amma yazdıqlarımı da çöldə qoymaq fikrində deyildim. Sonralar
isə ünsiyyətdə olduğum adamların, o cümlədən əzizim şairə Güləmail Muradın
məsləhət və istəklərini dəyərləndirməyi düsündüm.
“Deyilən söz yadigardır” deyib Səməd Vurğun.
Şeirlərimi bir kitab səklində gormək istəyənlərə “hə” dedim. Üstəlik
məqalə və publisistik yazılarımı da kitab kimi görmək istəyənlər var. Sağlıq
olsun...
Böyük iddialardan, mənəmlikdən
çox uzağam. Sadəcə yazmaya bilmirəm. Yazdıqlarım da bu cığırdadır. Onlar
böyük yola çıxa biləcəklərmi? Bunu Allah bilir. Mənsə bir onu bilirəm ki:
Hələ bərkiməyib dizi fikrimin,
Hələ
əriməyib buzu fikrimin,
Hələ
açılmayıb gözü fikrimin,
Hələ
ki, aləmi naşı gəzirəm.
İndi isə söz sənindir, əziz oxucu. Bu kitabı vərəqləməyin belə mənə
xoşdur. Sağ ol.
Güllü Tomarova
MƏNİM
Yönüm qiblə - qibləm kəbə,
Sidqim əzəl Allah mənim.
Qədəmlərim haqq yolunda,
Getdiyim o dərgah mənim,
Sidqim əzəl Allah mənim.
Qəlbimdədir adın hər an,
Baş əydiyim adil sübhan.
Gözümdə nur, canımda can
Onsuz ömrüm bir ah mənim,
Sidqim əzəl Allah mənim.
Halal yükün karvanıyam.
Bir mənzilin sarvanıyam,
Həqiqətin qurbanıyam,
Diləklərim agah mənim,
Sidqim əzəl Allah mənim.
Hər şey haqqın əməlində,
Dönər çarxın təməlində.
Diləklərim öz əlində
Söykəndiyim pənah mənim,
Sidqim əzəl Allah mənim.
Güllü gedər nur üzünə,
Öz haqqının pir üzünə,
Gecəsinnən gündüzünə
İnandığım sabah mənim,
Sidqim əzəl Allah mənim.
AZƏRBAYCAN
Sənə sevgim sənin qədər,
Səndən ayrı ömrüm hədər.
Sənsən vətən, sənsən qədər,
Azərbaycan!
Sən bir çəmən, qəlbin çiçək,
Qoynun cənnət- bu bir gerçək.
Ömrüm gülər bunu görcək,
Azərbaycan!
Səninlə gülşən olaram,
Sünbülündə dən olaram,
Səninlə mən – mən olaram,
Azərbaycan!
Arazım sən, Kürüm sənsən,
Bu dünyada birim sənsən.
Ziyarətim-Pirim sənsən,
Azərbaycan!
Sən zil kökdə
dinən sazım,
Dünya boyda öz murazım,
Tanrıdan halal niyazım,
Azərbaycan!
Şah damarda qaynar qanım,
Əzəl yurdum, son məkanım,
Yerim, göyüm, asimanım,-
Azərbaycan!
Qışı -yazı növbaharsan,
Bəxtiyardan bəxtiyarsan,
Bu dünya durduqca varsan,-
Azərbaycan!
Azərbaycan!
KÖNLÜM
Gah sevincdən, toy-büsatdan,
Gah qəmdən kam alar könlüm.
Köklənibdi öz kökünə,
Öz sazını calar könlüm.
Əzəl gündən meyli haqda,
Xoş arzuda, xoş yığnaxda,
Diləklərim göy yaylaxda,
Xəyallara dalar könlüm.
Göylərini bulud alsa,
Ürəyini sükut alsa,
Xətirinə dəyən olsa,
Bir çiçəkdi, solar könlüm.
Tanrıdandı sənə bu hal,
Taleyinə nə xoş yığval,
Güllü deyər: beləcə qal,
Beləcə qal, nolar, könlüm!
GƏZİRƏM
Hələ bərkiməyib dizi fikrimin,
Hələ əriməyib buzu fikrimin,
Hələ açılmayıb gözü fikrimin,
Hələki aləmi naşı gəzirəm.
Saymadım, bilmirəm neçədi dərdim,
Bəlkə də ürəyi haçadı dərdim?!
Dərbənddi, Təbrizdi, Göyçədi dərdim,
İtib üzüyümün qaşı, gəzirəm,
Bu dağlar səbrimin görünən üzü,
Hələ keçilməyib dərəsi, düzü.
Hələ biçilməyib arşını, bezi,
Qarışıb dünyanın başı, gəzirəm.
Sınıq Körpü - sınıq könlün simsarı,
Dərdin üzü yaranannan sapsarı.
Zaman deyir: ömür yarı, gün yarı,
Qəfəsdə könlümün quşu, gəzirəm.
Bu dövran dəyişib, zamana dönüb,
Hardasa bir ümüd gumana dönüb.
Üzülməz, keçilməz ümmana dönüb,
Qəlbimdə gözümün yaşı, gəzirəm.
Görsəm də nə qədər canda ağrı var,
İçimdə o qədər haqqa çağrı var.
Harda həqiqət var, harda doğru var-
Kəlməbaşı, addımbaşı gəzirəm.
İSTƏRƏM
Üzü Haqqa doğru yol gedirəm mən,
Mənzilə varmağa zaman istərəm.
Dəryalar keçərəm, daglar aşaram,
Yolları yormağı hər an istərəm.
Fikrimdə, zikrimdə o xoş niyyətim,
Ordadı ən ulu səmimiyyətim.
Gedərəm bir ömür,varsa qüdrətim,
O ulu dərgahdan fərman istərəm.
Məni o mənzilə bir sur aparar,
Məni o mənzilə bir nur aparar,
Ruhumdan qaynayan qürur aparar,
Tanrıdan bir ömür aman istərəm.
Əqidəsiz həyat varsa - bir zəhər,
Haqdan ayrı ömür hədər, gün hədər.
Olsa əgər canda ağrı, dərdi-sər,
Quranı dərdimə dərman istərəm.
Hər kəs bir yolçudu ömür yolunda,
Yazar mələkləri sağı-solunda.
Bir dua var bu Güllünün dilində,-
İmanı özümə mehman istərəm.
BORÇALIDADI
Məndən inciməsin qoy İncə dərəm,
Dərdimin dərmanı Borçalıdadı.
Atalı günlərim – o xoş mənzərəm,
Ömrün gül zamanı Borçalıdadı.
Dür səsim İncədir, gur səsim ora,
Hünərim İncədir, həvəsim ora,
Xəyalım İncədir, nəfəsim ora,
Duyğunun gümanı Borçalıdadı.
Mən orda göz açdım, hər yanı gördüm,
Sandım ki, bir qoca dünyanı gördüm.
Şair Dünyamalı, Alxanı gördüm,
Türkün öz Osmanı Borçalıdadı.
Səadət Buta tək uca dağı var,
Sanki sinəsində gur bulağı var,
Sazın Nargilətək öz növrağı var,
Dür-gövhər məkanı Borçalıdadı.
O yerdə bir qoşa pöhrəm yaşayır,
Öz barım yaşayır, bəhrəm yaşayır.
Nurlanəm yaşayır, Zöhrəm yaşayır,
Ömrün nur bostanı Borçalıdadı.
Sözünə bağlandım, sazını sevdim,
Ruhumun sığalı yazını sevdim,
Adını, dadını, özünü sevdim,
Güllünün imanı Borçalıdadı.
ADSIZ ŞEİR
Bu dünyada bir yolu var hər kəsin –
Kimi dağı, kimi düzü dolanar.
Hərə özü bir səyyarə kimidi,
Gecəsini-gündüzünü dolanar.
Bu yer, bu göy ən ulu bir xəritə,
Hər addımda tapılası nədən var.
Bir az ağıl, bir az duyğu, səriştə
Hər istəyin öz səmtinə gedən var.
Zər axtaran dağı dələr, zər gəzər,
Şan-şöhrətin qapısında bir tələ...
Şər axtaran hara getsə şər gəzər,
İstəyirsən gecə-gündüz tut dilə.
Doğruluğu dost qapısı bilənlər,
Haqqa doğru könül verər bir ömür.
Bu dünyaya inam kimi gələnlər
İstəyiylə bəhrə dərər bir ömür.
Yön çevirib əzəlinnən Haqqa, bil,
Murazıyla qanad açıb uçanlar.
Bu cahanı yaşadacaq milyon il
İnsanlığa ürəyini açanlar.
BU
YURDA
Aranına, yaylağına vuruldum,
Çeşmələrin saflığında duruldum,
Mizanına, qurğusuna quruldum, –
Anam dedim, Vətən dedim bu yurda
“Kəmənd bulağı”na dərman demişəm,
“Hayvalı bulağ”a loğman demişəm,
“Yeleylər”ə canım qurban demişəm, –
Anam dedim, Vətən dedim bu yurda.
“Ağ oğlan” taleden bir ulu nəmər,
“Saf dərə”də qurulur çox binələr.
Kəmərli ömürlük bir qızıl kəmər, –
Anam dedim, Vətən dedim bu yurda
Çağlar oldum sinəm tel-tel olanda,
Sevincimdən gözüm yaşla dolanda.
Aşıq qardaş bir "Urfanı " çalanda, –
Anam dedim, Vətən dedim bu yurda
Muraz verdi əzəldən bu yurd mənə,
Yollar açdı dağlarda boz qurd mənə.
Güllü bilər yaxın düşməz dərd mənə, –
Anam dedim, Vətən dedim bu yurda.
BİR DUA OXUYUN MƏNƏ
Kaş bir bulaq olam, qayadan sızam,
Bəlkə ad qazanam, hələ adsızam.
Bəlkə bu süfrədə bir qaşıq duzam,
Siz Allah, bir dua oxuyun mənə.
Susuz dözmək olar, havam çatmayır,
Hanı dərd bilənim, dəvam catmayır,
Bir nəğmə olmağa nəvam catmayır,
Siz Allah, bir dua oxuyun mənə.
Verib öz ömrümə ixtiyar canım,
Hələ yaşamağa biraz var, canım.
Bir muraz üstündə intizar canım,
Siz Allah, bir dua oxuyun mənə.
Oxuyun, könlümün gülü açılsın,
Oxuyun, könlümə şölə saçılsın.
Arzumun boyuna xələt biçilsin,
Siz Allah, bir dua oxuyun mənə.
BU BORÇALI
Bilirsiniz, ürəyimin
Harasıdı bu Borçalı?
Mən deyərəm öz canımın
Parasıdı bu Borçalı.
Həm çoxumun, həm azımın,
Bir vüsala tamarzımın,
İstəyimlə murazımın
Arasıdı bu Borçalı.
Ta əzəldən alın yazım,
Sinəsində dərdə dözüm.
Min illərdi sazın-sözün
Dəryasıdı bu Borçalı.
Bu intizar nə ahəstə,
Fələk mənnən durub qəsdə,
Əlini qoy sinən ustə,-
Burasıdı bu Borçalı..
Güllü, düşün bir az dərin,
Sonu varmı dərdi-sərin?
Yol gözləyən diləklərin
Çarasıdı bu Borçalı.
GEDİRƏM
Sizə yön çevirdim, ay İncəlilər,
Gəldim, ətrinizi duyub gedirəm.
Arzuların, diləklərin dür-gövhər,
Bu cənnət məkandan doyub gedirəm.
Qulağımda dastan deyir saz səsi,
Qara-zurna dədələrin bəstəsi.
İncəsuda qız-gəlinin dəstəsi...
Durna qatarına dəyib gedirəm.
Bir qımqımı, bir bayatı istədim,
Mən bu eli, bu həyatı istədim,
Yenə döndüm halal dadı istədim.
Ruhun qapısını döyüb gedirəm.
Dizin-dizin varam gedəm çöllərə,
Səcdə qılam obalara, ellərə,
İzimi saxlayan o boz yollara,
Bir layla, bayatı deyib gedirəm.
Bircə udum təsəllidi bu yazı,
İstəmərəm yurda olam tamarzı.
Sözün müxtəsəri, ay Eldarqızı,
Ürəyimi burda qoyub gedirəm.
XƏBƏRİN VARMI?
Məni mənnən alıb gedən,
Halımnan xəbərin varmı?
Dəymişim qoy orda qalsın,
Kalımnan xəbərin varmı?
Fikirim-zikrim dolaşıb,
Huşum gedib, ağlım çaşıb.
Günüm-ayıma qarışıb,
İlimnən xəbərin varmı?
Bu nə haldı, bu nə təlaş,
Anlayaydım mən bunu kaş.
Kürə dönüb gözümdə yaş,
Selimnən xəbərin varmı?
Sənə müjdə gətirmişəm,
Öz yükümü götürmüşəm,
Cığırımı itirmişəm,
Yolumnan xəbərin varmı?
Güllü, ömrü hədər sandım,
Talandıqca hey talandım.
Hec bilmədim necə yandım,
Külümnən xəbərin varmı?
İÇİMDƏ
BİR DÜNYA
Elə ki, aləmə gözümü açdım,
Budaqdan-budağa quş olub uçdum.
Dünyaya qol açdım, dünyanı qucdum,
İçimdə bir dünya ana sevdası.
Bir az sevinc uddum, bir az qəm uddum,
Arzu-diləyimi canda uyutdum.
Qızlar bulağının suyunu daddım,
İçimdə bir dünya ana sevdası.
Hec vaxt geri dönməz bir yolu seçdim,
Bir dəfə keçilən bir körpü kecdim,
Durnatək Bəsrəyə, Bağdada “köçdüm”,
İçimdə bir dünya ana sevdası.
Nə qədər murazın binası oldum,
Arzular, diləklər dünyası oldum.
O gül balaların anası oldum,
İcimdə bir dünya ana sevdası.
Elə kövrəlmişəm, elə dolmuşam,
Yüz fikirə, yüz xəyala dalmışam.
Sən işə bax, özüm nənə olmuşam
İçimdə bir dünya ana sevdası.
Bilsəm yenə bu dünyaya gələrəm,
Ürəyimi anam ilə bölərəm.
Güllü deyər, öləndə də ölərəm,
İçimdə bir dünya ana sevdası.
İNCƏGÜLÜ
Aşıq Avdı bir "gül" vurdu,
Gül eylədi məncə "gülü".
Aşıq Avdı bir "gül" vurdu,-
"İncəgülü", "İncəgülü"!
O elə bir saz elədi,
Nə gozəl avaz elədi.
Ürəklər pərvaz elədi.
"İncəgülü", "İncəgülü"!
Gah zil üstə, gah da pəsdə.
Dədəm səsdə, babam səsdə.
Çaldı ahəstə, ahəstə,
"İncəgülü", "İncəgülü"!
Dəyişmərəm əllisinə,
Bəllilərin bəllisinə.
Gəl İncənin Güllüsünə,
“İncəgülü”, “İncəgülü”!
KÖNÜL YİYƏSİ
Harda eşq
varsa-orda həyat var.
Harda eşq
yoxsa orda həyat da yoxdur,
- deyib
ulular. Elqızım, qələm dostum
Çiçək
Mahmudqızı isə “Hardasan, könül yiyəsi?” deyə bir kitab bağladı.
Önündədi bu yol-ərkan,
Bağrına bas ömür varkən.
Eşq dünyanı cənnət-məkan
Eylər könül yiyəsi.
Həyat qaynar, olma bumbuz,
Eşqsiz ömrün olar ucuz.
Eşqə bağlı o ay-ulduz,
Göylər, könül yiyəsi.
Lal duyğular gələr dilə,
Naxış vurar hər könülə,
Öz eşqini bülbül gülə
Söylər, könül yiyəsi.
Özü qurar bu oyunu,
Tutar dünyanın toyunu.
Eşq hər zaman öz “boy”unu
Boylar, könül yiyəsi.
Eşq - aləmin din-imanı,
Eşq yaşadar bu cahanı.
Şair eşqsiz bu dünyanı
Neylər, könül yiyəsi?!
Neylər, könül yiyəsi!!!
MƏNDƏN SORUŞ
Sınıq Körpü - karvan yolu,
Sən bu yolu məndən soruş.
Hər tərəfi sirlə dolu,
Sağı-solu məndən soruş.
Addamışam milyon kərə,
Atam-babam bu dağ-dərə.
Baş əymişəm Babakərə,
Yamac-yalı məndən soruş.
Yurd uğrunda kecib candan,
Cəng eyləyib bu cahannan,
Qarayazı
İsaxandan
Olsan hal, məndən soruş.
Ürəyimin parasıdı,
Dərdlərimin çarasıdı.
Qazax-Tiflis arasıdı,
Bu mahalı məndən soruş
Bu ellərə mən can deyim,
İman deyim, güman deyim?!
Güllü deyər: dastan deyim
Sinəm dolu, məndən soruş...
QAZAX MƏNİ
Ömür adlı yola çıxdım,
Arzumla qol-qola çıxdım,
Gah tufanla qala çıxdım,
Gah izlədi sazax məni.
Qurban olum ocağıma,
Yurdumun hər bucagına.
Hey çağırdı qucağına,
Yaxın məni, uzaq məni.
Güllü, haqqı sal yadına,
Haqq catacaq imdadına.
Kökdən gələn söz atına,
Süvar etdi Qazax məni.
Mən dəli könlümü gülə baglaram,
Sadağa göndərin güllərə məni.
Mən ulu sevdamı canda saxlaram,
Amandı salmayın dillərə məni.
Mənim çiçək eşqim, gül məhəbbətim,
Hər nəfəsdə əhli-dil məhəbbətim.
Canımdan can alan sel məhəbbətim,
Deyəsən qatacaq sellərə məni.
Qoy gülə söykənsin Güllünün üzü,
Güllərin ətriylə gül açsın özü.
Canımda, qanımda gül eşqin özü,
Salacaq bilirəm çöllərə məni.
TANI GÜLLÜNÜ
Nədi məni dərdə salan?-
Ağlım talan, huşum talan.
Ağla məni, a saz calan
Tanı ellini, ellini.
Mən ömrümü oyalandım,
Mən dərdimlə mayalandım.
Mən dərdimlə sayalandım,
Tanı bəllini-bəllini.
Endim dərindən-dərinə,
Boylandım dərdi-sərimə.
Könül verdim öz pirimə,-
Tanı Güllünü, Güllünü.
YANIMDADI
Sən mənim qəlbimi oxuya bilsən,
Gorərsən istəyim öz yanımdadı.
Yeri-göyü pənahında saxlayan,
Haqqın haqq məqamı düz yanımdadı.
Ömürlük mürgüdən oyanan işıq,
Nuruyla bəmbəyaz boyanan işıq,
Könüldən-könülə boylanan işıq
Payız yanımdadı, yaz yanımdadı.
Keçmişdən yadigar zərnişan olan,
Eşqi ürəyində kəhkəşan olan,
Tanrıdan Güllüyə ərmağan olan,
Ruhumu oxşayan saz yanımdadı.
A YOLLAR
Bu qoca şəhərə sığışmaq çətin,
Ayağımı ordan qopar, a yollar.
Başına dolanım ağ cığırların,
Məni uzaqlara apar, a yollar.
Apar zirvə görüm o ulu qatda,
Sevincə çevrilim bir gün həyatda.
Dağlar güllərini ayağım altda,
Hər addımbaşında səpər, a yollar.
Yağmurda islanım, günəşdə yanım,
Soyuqda-şaxtada möhkəm dayanım.
Qaya sərtliyində bərkisin canım,
Qəlbim gəzdiyini tapar, a yollar.
İçim bulaqların gözündən bir az,
Doyum gözəlliyin özündən bir az,
Deyim şairlərin sözündən bir az,
İcimdə görürəm təpər, a yollar.
Məni qayğılardan ayıra bilsən,
“Aləmi gəz”- deyə buyura bilsən,
Əgər gözlərimi doyura bilsən,
Güllü gözlərindən öpər, a yollar.
ÖZÜMLƏ SÖHBƏT
Bir el havasına uyub gəlmişəm,
Arzu-diləyimi sayıb gəlmişəm.
Canımı o yurdda qoyub gəlmişəm,
İstərəm bir anlıq xəyalə dalım,-
Orayamı dönüm, burdamı qalım?
Ən böyuk ümidim-qalam bir yanda,
Qazandığım haqqı-salam bir yanda.
Gözüm nuru - bir cüt balam bir yanda,
Bilmirəm, hansının qadasın alım,-
Orayamı dönüm, burdamı qalım?
Özümün düsüncəm özümə qənim,
Hər iki tərəfə dünya güvənim.
Ora da mənimdi, bura da mənim,
Bir tərəf şəkərim, bir tərəf balım,-
Orayamı dönüm, burdamı qalım?
Güllünün canında yanar odu var.
Hicrana dözməyin hansı adı var?
Hər iki tərəfdə vüsal dadı var,
Quş olub göylərdə bir qanad çalım,-
Orayamı dönüm, burdamı qalım?
DÜNYANIN HARASINDAYAM?
Bir ağ gül istərəm, bir qırmızı gül,
Ağla-qırmızının arasındayam.
Könlüm heç birindən ayrıla bilmir,
Qəvvasam, bir çiçək dəryasındayam.
Güllü bir xalıdır - gül naxışları,
Ələnir üstünə nur yağışları,
Ordan çox uzaqdır yad baxışları,
Mən də o güllərin sırasındayam.
Bir gül “gül” ömründən vaxtsız solarsa,
Bahar gələr-keçər, qış tez
olarsa,
Vüsal həsrətiylə bülbül
ölərsə,
Sel axan gözünün
qarasındayam.
Dövrün dərd-qəmindən qaça
bildimsə,
Güllü gülüstana uça bildimsə,
Bir gülə kölnümü aça
bildimsə,
Görün bu dünyanın
harasındayam?
AY KƏMƏRLİM!
Yüz gəlmişəm, yenə gəlləm,
Nəfəsinlə cana gəlləm.
Mən imana-dinə gəlləm,
Kəmərlim, ay Kəmərlim!
Ayaqyalın dərə-təpə...
Dolanaram öpə-öpə.
Sən anamsan, məndə körpən,
Kəmərlim, ay Kəmərlim!
“Kəmənd qaya”qürurumdu,
“Eyfli quzey” göz nurumdu,
“Ağ oğlan” səcdə yerimdi,
Kəmərlim, ay Kəmərlim!
“Fındıqlı”dan teylənərəm,
“Saf dərə”də əylənərəm,
Qüruruna boylanaram,
Kəmərlim, ay Kəmərlim!
Elim-günüm olsun agah,
Sənnən ayrı çəkərəm ah.
Güllü ölər sənsiz, Vallah.
Kəmərlim, ay Kəmərlim!
İSTƏRƏM
Elatın memarı – Borçalı Cəmiyyətinin
sədri Zəlimxan bəyə
Bugün yaman kövrəlmişəm, ay ellər,
Başkeçidin növrağını istərəm.
Gözlərim yol çəkir - xeyirə dönsün,
Bir müjdənin sorağını istərəm.
Könül dilər bir kəhərə atlanam,
Ara sıra, qınaqlara qatlanam.
Sevinc görəm, şadlıq görəm, şadlanam,
Armudlunun yaylağını istərəm.
Ara sıra, qınaqlara qatlanam.
Sevinc görəm, şadlıq görəm, şadlanam,
Armudlunun yaylağını istərəm.
Süfrə
salam uzaqlardan gələnə,
Salam verəm "əleyk"-imi alana,
Ürəyimə yurd sevinci calana,
Əziz günün qonağını istərəm.
Salam verəm "əleyk"-imi alana,
Ürəyimə yurd sevinci calana,
Əziz günün qonağını istərəm.
Samovarım asta-asta dəmlənə,
Dost sevinə, düşmən baxıb qəmlənə.
Elim, günüm toparlana, cəmlənə, –
Ərənlərin sorağını istərəm.
Dost sevinə, düşmən baxıb qəmlənə.
Elim, günüm toparlana, cəmlənə, –
Ərənlərin sorağını istərəm.
Haray salam dağlarımın özündə,
Binə quram bulaqların gözündə,
Sir gəzməyin siz Eldarın qızında, –
Murazımın bayrağını istərəm.
Binə quram bulaqların gözündə,
Sir gəzməyin siz Eldarın qızında, –
Murazımın bayrağını istərəm.
GƏLDİ
Elatın memarı Zəlimxan bəyə
Zəlimxan bəy, Elat günün mübarək,
Ellər bu büsata çağladı, gəldi.
Vətən üçün toy-düyünün mübarək,
Gələnlər sevincdən ağladı, gəldi.
Durna kimi qatarlaşıb uçanlar,
Armudluda çiçək olub açanlar,
O yaylağı
övlad kimi qucanlar,
Qeyrət damarını yoxladı, gəldi.
Gün doğmuşdu nur içində o sabah,
Nələr gördüm, nələr duydum, ay Allah!
Pirə dönüb öpülürdü o dərgah,
Hər insan haqqını haxladı, gəldi.
Orda yalanların boynu vuruldu,
Sular axdı, aynalandı, duruldu.
Qatar-qatar binələri quruldu,
Mərd olan namərdi dağladı, gəldi.
Sığal çəkdim dağların hər daşına,
Sevincimdən qərq oldum göz yaşına,
Dədə Yurdun pozulmaz yaddaşına
Güllü də könlünü bağladı, gəldi.
VARIYDI
Hüseyn Arifin 90 illik yubileyi münasibəti ilə
Hüseyn Arif elə söz çəməniydi,
Qəlbinin yaşılı-alı varıydı.
O, haqdan bizlərə
ərmağanıydı,
Ruhumun nə gözəl halı varıydı.
Hərdən asta-asta saz da çalardı,
Gedib xəyallara, fikrə dalardı.
Gahdan boşalardı, gahdan dolardı,
Ələsgər varıydı, Alı varıydı.
Dərya - ümmanıydı, gahdan coşardı,
Eşqin səməndiylə daglar aşardı.
Hərdən gözəllərə söz də qoşardı,
Dilinin ucunda balı varıydı.
Bəzən hissin fitvasına uyardı,
Ceyranların səksəkəsin duyardı.
Sarp qayada kəkliklərə qıyardı,
Dag kəliylə cəng-cidalı varıydı.
Mənə şandı dərs aldığım hər sözü,
İmdadıma yetişsəydi kaş özü...
Düşüb cığırına bu Eldarqızı,
Güllünün də öz xəyalı varıydı.
HÜSEYN ARİFƏ
Mən Hüseyn Arifə
nə yaza billəm,-
Heç buna qüvvəmmi,
gücümmü çatar?
O bir zirvədir
ki, Allah yaradıb,
Sözünün qüdrəti
göylərə çatar.
Özünə bənzərdi
səmti-sorağı,
Hər sözü
dünyaya bir hesabıydı.
O bir
kitabıydı, hər bir varağı.
Oxuyub, duyana
min kitabıydı.
Dildə dastan
olan hər bir kəlamı
Aparar sehirli
dünyaya bizi.
Bircə kəlmə onu
deyə bilərəm,
Hüseyn Arif adlı dünyaydı özü.
USTAD XINDI MƏMMƏDƏ
Qorquddan bizlərə bir nişanıydı,
Saz ona, o saza yaraşanıydı.
Esqi-məhəbbəti kəhkəşanıydı,
Xalıydı,"xal"ları Xındı Məmmədin.
Taledən bir haqqı-say almısdı o,
Sevgini Tanrıdan pay almısdı o,
Sənət göylərində ay olmuşdu o,
Ləliydi dilləri Xındı Məmmədin.
Çaldı, ana sazı çaldı ahəstə,
"Əsli qıya baxdı" "kərəmi" ustə.
Xəstə şəfa tapdı o ülvi səsdə,
Ziliydi zilləri Xındı Məmmədin.
Ustadıydı, gül açmışdı yığvalı,
Qoşması xoş, təcnisləri cığalı.
Gülabıydı barmağının sığalı,
Gülüydü "gülləri" Xındı Məmmədin.
Saz ona, o saza yaraşanıydı.
Esqi-məhəbbəti kəhkəşanıydı,
Xalıydı,"xal"ları Xındı Məmmədin.
Taledən bir haqqı-say almısdı o,
Sevgini Tanrıdan pay almısdı o,
Sənət göylərində ay olmuşdu o,
Ləliydi dilləri Xındı Məmmədin.
Çaldı, ana sazı çaldı ahəstə,
"Əsli qıya baxdı" "kərəmi" ustə.
Xəstə şəfa tapdı o ülvi səsdə,
Ziliydi zilləri Xındı Məmmədin.
Ustadıydı, gül açmışdı yığvalı,
Qoşması xoş, təcnisləri cığalı.
Gülabıydı barmağının sığalı,
Gülüydü "gülləri" Xındı Məmmədin.
Bir ömür oxudu, bir ömür çaldı,
Bir nağıl kimiydi, dillərdə qaldı.
Hər sim tərpənəndə bir muraz aldı
Sazının telləri Xındı Məmmədin.
Bir nağıl kimiydi, dillərdə qaldı.
Hər sim tərpənəndə bir muraz aldı
Sazının telləri Xındı Məmmədin.
O bir ulu dastan, o bir xoş avaz,
Hər gələn, meydanda mərdanə olmaz.
Onun cığırıyla gedən yorulmaz,
Nuruydu yolları Xındı Məmmədin.
Ellər obalardı dilinin andı,
Ellə nəfəs aldı, ellə dolandı.
El onu "Borçalı bülbülü" sandı, –
Var olsun elləri Xındı Məmmədin.
Hər gələn, meydanda mərdanə olmaz.
Onun cığırıyla gedən yorulmaz,
Nuruydu yolları Xındı Məmmədin.
Ellər obalardı dilinin andı,
Ellə nəfəs aldı, ellə dolandı.
El onu "Borçalı bülbülü" sandı, –
Var olsun elləri Xındı Məmmədin.
SƏNNƏN ÖTƏRİ
Eloğlum, gözəl şairimiz İbrahim İlyaslının
eyni adlı
şeirinə nəzirə
Tanrıdan gül diləkləri
Dilərəm sənnən ötəri.
Ağla desən ağlayaram,
Gülərəm sənnən ötəri.
Ay könlümün bəhrə-barı,
Sənsiz ömrüm yarı…yarı…
Ahım ilə o dağları,
Dələrəm sənnən ötəri.
Mən bir sazam, sən də simi,
Sən sevdamın kökü-himi.
Ayrılıqdan ahu kimi
Mələrəm sənnən ötəri.
Əmr eləsən hər əmrinə,
Dönnəm imrənə-imrənə.
Vallah ömrümü ömrünə
Calaram sənnən ötəri.
Fələk yazıb fərmanımı,
Dərdim üçün dərmanımı.
Canım deyər al canımı,
“Ölərəm sənnən ötəri.”
Lap yenidən bu dünyaya
Gələrəm sənnən ötəri.
QOY SƏNİN LAYLANI İNDİ
Həyatdan və sevgidən nakam gedən,
həmişə hər
yerdə yeri görünən, çox
ləyaqətli eloğlum, şair, hərbçi
Oktay Xalloğluna
Xalloğlu Oktayım, ay ömrü nakam,
Qoy sənin laylanı
indi mən deyim.
Bu fani dünyada vaxtsız sönən şam,
Qoy sənin laylanı indi mən deyim.
Göydə sevişdiniz, sanki günəş-ay,
Sən ona tay oldun, o da sənə tay.
Bir dastan yarandı Vəzzuhə-Oktay,
Qoy sənin laylanı indi mən deyim.
Nə tezdən od tutdun, alışdın nara,
Bir doya bilmədin o nazlı yara.
Dərdə düçar oldu o baxtı qara...
Qoy sənin laylanı indi mən deyim.
O qara sevdadan yarıyammadın,
Sən oda qalandın, yarı yanmadın.
Eşqin yollarında qarıyammadın,
Qoy sənin laylanı indi mən deyim.
Şairiydin, aşığıydın, guruydun,
Dostlarına sədaqətdə biriydin.
Sevgi dolu, sevda dolu sirriydin,
Qoy sənin laylanı indi mən deyim.
O Leyli bu dərdi bilə bilmədi,
Axan göz yaşını silə bilmədi.
Hələ o sənsizdi, ölə bilmədi,
Qoy sənin laylanı indi mən deyim.
İncədən boylanan bir layla istə,
Mən onu söyləyim el qəmi üstə.
Kərəmi, Mansırı, Dilqəmi üstə,
Qoy sənin laylanı indi mən deyim.
A TƏRLAN BALAM
Xalloğlu Oktayın eyni adlı
şeirinin təsirindən
Ömrüm qüssə qazanında,
Qaynar, a tərlan balam.
Dərdim dərdin balasıynan
Oynar, a tərlan balam.
Bəsdi bunca gələn qəmlər,
Bu ağrılar, bu ələmlər,
Yaraların gözü nəmlər...
Göynər, a tərlan balam.
Hicri-qəmlər dörd bir yanı,
Ağrı, acı, dərd bir yanı,
Güllü eşqsiz bu dünyanı
Neynər, a tərlan balam?
Neynər, a tərlan balam?!
FƏRİDƏ LƏMAN
Ay İncə dərəmin incə çiçəyi,
Çiçəklər içində qönçə çiçəyi,
Hər kəlməsi qızılgülün ləçəyi
Düşməsin yadına nə ah, nə aman,
Ad günün mübarək, Fəridə Ləman!
Özü şirin, sözü şəkər, bal olan,
Əhli-hal içində
əhli-hal olan.
Nurani, pirani xoşcamal olan,
Məclis yaraşığı, söhbəti məlhəm,
Ad günün mübarək, Fəridə Ləman!
İşıq seli, nur çeşməsi kamalın,
Aydan arı, sudan duru amalın,
Güllü dilər gözəl olsun hər anın
Daima qoy gülsün üzünə zaman,
Ad günün mübarək, Fəridə Ləman!
YAZILDI ADIN
Könül sirdaşım, şair bacım
Güləmail Murada
Səni yazda gördüm, ya qışda gördüm,
Günlü gündə gördüm, yagışda gördüm.
Könlümdə yerini lap başda gördüm,
Nə yaxşı qəlbimə yazıldı adın.
Ağır oturmağın, batman durmağın,
Tərəzi ahəngin - mizan qurmağın.
Sənin öz addımın, öz solun- sağın,
Nə yaxşı qəlbimə yazıldı adın.
Sözündə özünsən, özündə sözün,
Lap özün kimidi astarın-üzün.
Bir xəfif meh kimi əsərsən həzin,
Nə yaxşı qəlbimə yazıldı adın.
Mən səni görmüşəm həlim, mehriban,
Mən səni duymuşam içində ümman,
Qəlbimi göndərdim qəlbinə mehman,
Nə yaxşı qəlbimə yazıldı adın.
Sən gülə mailsən, mən gülə talib,
Bu sevda ağlımı başımnan alıb.
Vallah yarı canım yanında qalıb,
Nə yaxşı qəlbimə yazıldı adın.
Həm könül sirdaşım, həm şair bacım,
Mən səni bilmişəm başımda tacım.
Mənim bircə sözə çatır əlacım,-
Nə yaxşı qəlbimə yazıldı adın.
Eşqin bu dünyaya kitab-kitabdı,
Güllü öz gəzdiyin orada tapdı.
Özüm də bilmirəm nə haqq-hesabdı,
Nə yaxşı qəlbimə yazıldı adın.
MƏSİMİN
Əslən İncəlidən olan, Borçalıda yaşayan
gənc aşıq Məsim Nizami oğluna
Əllərinə, qollarına mərhaba,
Xallarına-güllərinə mərhaba.
Şirin-şirin dillərinə mərhaba,
El içində özü bəlli Məsimin.
Kimsə onu qoy sanmasın uşaqdı,
O indidən batman gələn aşıqdı.
Söz anlayan, qədir bilən aşıqdı,
Eşidənə sözü bəlli Məsimin.
Səs-sorağı eldən-elə yayılır,
Yaxınlardan-uzaqlardan duyulur.
“Halal olsun”, “bərəkallah” deyilir,
Çiçək açan yazı bəlli Məsimin.
Əzəl günnən kökə bağlı binəsi,
O bir ömür öz kökündə dinəsi,
Xoş gün dilər ona Güllü nənəsi,
Sinəsində sazı bəlli Məsimin.
İSTƏYİRƏM
Tiflisdə yaşayan Aşıq Nargiləyə
sevgilərlə və sayqılarla
Ay Nargilə, dindir sazı,
Bir az bəmə endir sazı.
Asta-asta "yandır" sazı,
Mən də yanım istəyirəm.
"Divani"nə qurban olum,
"Urfani"nə heyran olum.
"Bəhməni"nə mehman olum,
Qaynar qanım istəyirəm.
Çıxıbsan haqq səməndinə,
Vuruldum usta fəndinə,
Yaman düşdüm kəməndinə,
Sazdı yönüm, istəyirəm.
Ağır durdun, batman gəldin,
Sən əsildən-zatdan gəldin.
Sənətə urvatnan gəldin,
Belə dönüm istəyirəm.
Çal, sazının üzü gülsün,
Eldarqızı vəcdə gəlsin,
Daim sənə qismət olsun,
Toy-düyünüm istəyirəm.
ATAMA
Elə saz deyərdi, saz eşidərdi,
Canında bir eşqi, havası vardı,
Yoxuydu dünyada bir başqa dərdi,
Hərdən Xalloğlundan söz oxuyardı.
Aşıq Avdı ona saz incisiydi,
Cəlalın əvəzi yoxuydu daha.
Kamandar dünyanın birincisiydi,
Əlçatmaz
deyərdi aşıq Əmraha.
Hərdən göylərinə bulud gələrdi,
Qaş-qabaq tökərdi bəndi-bərəsi,
Arzu-diləyini bizlə bölərdi,
Göynərdi qəlbində İncə dərəsi.
Hərdən varaq-varaq varaqlanardı,
Oxuyan olsaydı
kitab kimiydi.
Hər duyan ürəklə maraqlanardı,
Anlayan hər kəsə bir aləmiydi.
Nə könül qırandı, nə qəlb incidən,
Onda olan adət bir vərdişiydi.
Halallıq vermişdi haqqı öncədən
Güllüyəm, bəy atam belə kişiydi.
QAYNATAMA
Adamlar yanında adamıydı
o,
Bəlkə də mənim öz atamıydı.
Hər sözü
duyana bal əvəziydi,
Söhbəti-qanana ləl
əvəziydi.
Elə mehribandı,
elə həlimdi,
Arzusu-diləyi
gəlhagəlimdi...
Yerişi mülayim, duruşu
şirin,
Baxışı nə qədər mənalı,
dərin.
Elə sayılardı
elin içində,
Gəlişi-gedişi dürüst
biçimdə.
Gənəşik yeriydi eldə
hər kəsin,
Yanında durardı
halal nəfəsin.
Uzaqdan seçərdi hər bir
sakini,
Baxışdan anlardı
qarşıdakını.
Urfan adamıydı anlayanlara,
Bir həyan olardı
kim düşsə dara.
Dili məlhəmiydi çarəsizlərə,
Çöldə
özgələrə, evdə bizlərə.
Deyərdi baməzə
söz urvatınnan,
Qalmazdı heç zaman
zarafatınnan.
Halal ocağının
bərəkətiydi,
Fikri zəhmətiydi,
hərəkətiydi.
Sevgi dünyamızın
baxça-barıydı,
Gahdan böyüyüydü,
gah uşağıydı.
Könülə dəyməzdi, ürək
qırmazdı.
Onnan nə danışsam
nə desəm azdı.
Bilərdi hər
zaman haqqın yerini,
Bir dünya bilərdi
nəvələrini.
Bərəkət kanıydı,
duz-çörəyiydi,
Hər zaman bizlərə
o gərəyiydi.
Nə qədər ömrüm var çıxmaz
yadımdan,
Məni ayırmadı
öz övladınnan.
Məndən danışardı,
məni öyərdi,
Dadsız şorbama
da dadlı deyərdi.
Öz
ev-eşiyində adil canıydı,
Hər zaman bizlərə
bir həyanıydı.
Daim sayğılıyam bu haqqı-saya,
O qədər
borcluyam Raqif ataya.
Yeri behişt
olsun axirət günü,
Ona kömək
olsun imanı-dini.
Sanıram o mənim
öz atamıydı,
O, mənim doğmaca
qaynatamıydı.
OĞLUM
Sənin ömür yolun hələ öndədi.
O yolu getməyi düz bacar, oğlum.
Ömrün təməlini saf qura bilsən,
Qalmazsan hec zaman sən naçar, oğlum.
Yüz ölçər, bir biçər ağıllı kişi,
Daim meyl eyləsə haqqa vərdişi.
Olmaz ömrü boyu onun tərs isi,
Qadadan-bəladan hey qaçar, oğlum.
Ağılla kamalın vəhdəti varsa,
Haqqın nur işığı bir ömrə yarsa.
Könlün qapısını haqla açarsa,
Daim əməlləri nur saçar, oğlum.
Özünə yuva qur öz əlinlə sən,
Arzunla, sevginlə, əməlinlə sən.
Qəlbinin səsini özün dinləsən,
Sevdan qanad açar, hey uçar, oğlum.
Gəl bu diləyinə inan Güllünün,
Sinəsi saz kimi dinən Güllünün,
Eşit sözlərini anan
Güllünün,
Sevgi qapısına ol açar, oğlum,-
O yolu getməyi düz bacar, oğlum.
A ZÖHRƏ
Qızım Zöhrəyə
Sənə murazımın bəhrəsi deyim,
Əlvan arzuların çöhrəsi deyim.
Ömrümün bir ömür həvəsi deyim,
Yoxsa ki cicəkli yazım, a Zöhrə.
Duadan xəlq olan diləyimmisən,-
Haqdan hasil olan istəyimmisən?
Dünənki o körpə bəbəyimmisən?
Bugünkü ən şirin sözüm, a Zöhrə.
Sirrimi verdiyim sirdaş kimisən,
Bəzən də sən mənə qardaş kimisən.
Qanımda qaynayan atəş kimisən,
Bəzən də iradəm, dözüm, a Zöhrə.
Çoxal, min budaq ol ocağında sən,
Öz ev-eşiyinin qucağında sən,
Güllüyə körpəsən hər çağında sən,
Bir ömür pərvanən özüm, a Zöhrə.
HAVASINA
Səbinənin ad gününə
Qışın ortasında açan bir çiçək,
Gətirdi bir evə yaz havasını.
Təbəsümü gözəl, gülüşü göyçək,
Sevincə bələdi naz havasını.
İtdi ilim-ilim şaxta, boran, qar,
Çatdı murazına uzun intizar.
Dəyişdi bir anda bütün ruzigar,
Əritdi dünyanın buz havasını.
İpəyə bürüyüb, şal bələdilər,
Gümüş tellərinə ləl ələdilər.
Laylalı dillərə bal bələdilər,-
Şeirə bükdülər saz havasını.
Güllü bu gün nə danışa, nə dinə,
Bir arzuya, bir muraza sevinə.
Ad günündə qoy qol açsın Səbinə,
Bizləri oynatsın öz havasına.
XOŞ GƏLDİN, QIZIM
Rustavidə yaşayan qızlarımdan biri –
Nurlana bizə qonaq gəlmişdi.
Evimizin qapısını açanım,
Bu qəlbimə nur-təbəssüm saçanım,
Qanad açıb mənə doğru uçanım,
Könlün sorağına xoş gəldin, qızım,
Ana qucağına xoş gəldin, qızım.
Gəldin, güllər açdı arzum, diləyim,
Sığındın qoynuma gözəl mələyim.
Dada-tama gəldi duzum, cörəyim,
Ömrün xoş çağına xoş gəldin, qızım,
Ana qucağına xoş gəldin, qızım.
Sən öz dünəninə sədaqət kimi,
Sən öz bu gününə mərifət kimi,
Bəlkə də ən böyük ibadət kimi.
Ata ocağına xoş gəldin, qızım,
Ana qucağına xoş gəldin, qızım.
KƏNDİMİZDƏ BİR EV TİKDİM
"Kənddə evi neynəyirdiz?"
deyənlərə
həyat
yoldaşım Mehmanın dili ilə
Biraz şenlənibdi dədə yurdumuz,
Bir yuva qurulub bağçalı-bağlı.
Yaddan çıxmayıbdı o çörək, o duz,
Bir ocaq catılıb bası yığnaqlı.
Sən də dözümlü ol, qınama məni,
Yoxsa bu büsata mətəl qalıbsan?
Mən necə unudum qəlbim deyəni,-
Sən niyə bu qədər fikrə dalıbsan?
Babam bu torpağın öz övladıydı,
Atam da yurd bildi bu doğma yurdu.
Elini unutmaq ona yadıydı,
Onunçün o bizə bir büsat qurdu.
Hardasa qoy kimsə çəkməsin haray,
Hər kəsə əzizdi ana qucağı.
Mənim öz yuvamda qurduğum saray
Toplasın başına oğul-uşağı.
Bir yuva qurulub bağçalı-bağlı.
Yaddan çıxmayıbdı o çörək, o duz,
Bir ocaq catılıb bası yığnaqlı.
Sən də dözümlü ol, qınama məni,
Yoxsa bu büsata mətəl qalıbsan?
Mən necə unudum qəlbim deyəni,-
Sən niyə bu qədər fikrə dalıbsan?
Babam bu torpağın öz övladıydı,
Atam da yurd bildi bu doğma yurdu.
Elini unutmaq ona yadıydı,
Onunçün o bizə bir büsat qurdu.
Hardasa qoy kimsə çəkməsin haray,
Hər kəsə əzizdi ana qucağı.
Mənim öz yuvamda qurduğum saray
Toplasın başına oğul-uşağı.
Harda evim olsa, ocağım olsa,
O öz atəşini burdan alacaq.
Dünyanın sevinci qəlbimə dolsa,
Mənim bu yurdumdan axıb dolacaq.
Haqqın hüzurunda vüqarla durdum,
Dünyanın sevinci qəlbimə dolsun.
Doğma Kəmərlidə bir "xeymə" qurdum,
Gələn nəsillərə ismarıc olsun.
O öz atəşini burdan alacaq.
Dünyanın sevinci qəlbimə dolsa,
Mənim bu yurdumdan axıb dolacaq.
Haqqın hüzurunda vüqarla durdum,
Dünyanın sevinci qəlbimə dolsun.
Doğma Kəmərlidə bir "xeymə" qurdum,
Gələn nəsillərə ismarıc olsun.
İNCƏLİ
ELDARIN QIZLARI
Bir gerçəyin
nağılı
Hamaya-Gülnar, Güllü, Zinyət, Yetər, Tamaşa
Anamı atama bəxş edən
tale,
Atamı anama nəqş edən
tale,
Yazıldı
bəxtinə İncə dərənin,
Nurani
taxtına İncə dərənin.
Onlar bir
ağ yolda qoşalaşdılar,
Ömrün
dolayında cüt dolaşdılar.
O ulu Tanrının
Haqqı-sayınnan,
Bolluca
daddılar övlad payınnan.
Deyirlər
şirindən şirindi nübar,
İlk övlad
göz açdı-Hamaya(Gülnar).
Sandılar
bəlkə də bu bir nağıldı,
Sonra da
o evdə Güllü doğuldu.
Nə qədər
şirindi övlad nəfəsi,
Sonra
”inqə” dedi Zinyətin səsi.
Ocaq
aşdı-daşdı, ev aşdı-daşdı,
Üç qızın
sorağı dildə dolaşdı.
“Yetər”söylədilər,Yetər
doğuldu,
Dörd qız bir ocaqda gözəl
nağıldı.
Necə dil
açdılar qəşəng bu qızlar,
Həm də
bir-birindən göyçək bu qızlar.
Sanmayın
bu yerdə söz başa gəldi,
Sonra bu
dünyaya Tamaşa gəldi.
Döndü
Tamaşaya Eldarın yurdu,
Hər tərəf
işıqdı, hər tərəf nurdu.
...Sonra
beş göyərcin ucdu bu yurddan,
Ayrı beş
yuvaya - beş də ərmağan.
Kim nə
deyər Haqdan gələn fərmana,
Bir gün
oldu...beş ocaqda beş ana.
Hər evdə
körpələr aşıb-daşdılar,
Sevgiylə,
sevinclə qucaqlaşdılar.
Beləcə
günümüz xoş oldu bizim,
Beləcə
birimiz beş oldu bizim.
Deməsinlər
yad ocağı qaladıq,
Aləm oldu
ömrü-ömrə caladıq.
Belə
ömrü-ömrə bir calaşdırdıq,
O
yadla-bu yadı doğmalaşdırdıq.
Bu
gedişlə üzü güldü rüzgarın,
Biz beləcə beş qızıyıq
Eldarın!
2015-Cİ İL ÜÇÜN
Qədəmlərin nur gətirsin,
Dilək-dilək sur gətirsin,
Aləmə qürur gətirsin,
Təzə il!
Qoy dağılsın el qəmi,
Sənnən alımmı dəmi?
Sevinc tutsun aləmi,
Təzə il!
Kaş sovuşsun qada-qan,
Gül qoxusun dünyadan,
Verək sevgiyə meydan,
Təzə il!
Mən də güləm-güllənəm,
Saz səsində dillənəm,
Gül diləyə yollanam,
Təzə il!
Açılaq varaq-varaq,
Güllüdən al gül soraq,
Hey gözəllik axtaraq,
Təzə il!
YAŞATDI MƏNİ
Taleyimdə duman-çən,
Ömrüm-günüm oldu tən.
Qəvvas olub dərindən
Üzmək yaşatdı məni.
Bir az dədə-babadan,
Bir az eldən-obadan.
Bir az yurddan-yuvadan,
Yazmaq yaşatdı məni.
Haqqa açdım gözümü,
Haqqa dedim sözümü.
Düz bir ömür özümü
Gəzmək yaşatdı məni.
Güllü, öndə dağ-dərə,
İnan yenə mərdlərə.
Dərdlərimi dəftərə
Yazmaq yaşatdı məni.
MÜNDƏRİCAT

(Şeirlər)
Nəşriyyatın direktoru: Ceyhun Xəlilov
Dizayner:
Vüsalə
Qəribova
Operator: Türkanə Həsənova
Texniki redaktor: İlahə Həsənova
Çapa imzalanmışdır:18.03.2015
Kağız Farmatı:60/84. Офсет чапы 1/16.
Физики ч.в.4.
Тираъ:500
Китаб
«Азяри» няшриййатына тягдим
олунмуш hazır
diapozitivlərdən çap olunmuşdur.
Цнван:
Сумгайыт шящ., 13-жц мкр. Нийази кцч.

Comments
Post a Comment